
-Vüsal bəy, necəsiniz? Məzuniyyətiniz necə keçir?
– Yaxşıyam. Başım bir az qarışıqdır. Qohumlar, yaxınlar gəlib mənimlə görüşürlər. 10 günlük məzuniyyətə çıxmışam. Ayın 20-dək buradayam.
– Vətən Müharibəsi tarixinə “Topçu Vüsal” adı ilə düşdünüz. Belə məşhur olacağınızı gözləyirdinizmi?
– Çəkilişdən iki gün sonra zəng edib komandirimlə danışdılar. Sonra videonun ictimaiyyət arasında geniş yayıldığını bildirdilər.
– Kənd əhalisi yəqin ki, sizinlə fəxrlə salamlaşır. Bunu hiss edirsinizmi?
– Hamı gəlib mənimlə şəkil çəkdirir. Ən çox da uşaqlar mənə yaxınlaşır.
– Sizdən nə soruşurlar, nə deyirlər?
– Müharibə haqqında soruşurlar, necə oldu, nətər oldu deyə suallar verirlər. Döyüşlərdə iştirakım insanları maraqlandırır.
– Siz onların qəhrəmanısınız.
– Bəli.
– Qanlı-qadalı günlərdən sonra mülki həyata uyğunlaşa bilirsinizmi?
– 22 ay idi ki, mən məzuniyyətə gəlmirdim, xidmət göstərirdim. Hələki mülki həyata öyrəşə bilmirəm. Fikrim orduda qalıb.
– Hansı istiqamətlərdə döyüşdə olmusunuz?
– Füzuli, Cəbrayıl, Qubadlı ərazilərində döyüşlərdə iştirak etdim. İndi isə Şuşada xidmətim davam edir. Hər əsgərə bu qismət olmur. Döyüş yolumla bağlı fəxarət hiss edirəm.
– İlk dəfə idi ki, müharibədə iştirak edirdiniz. Həyəcan var idimi?
– Müharibə başlamamışdan qabaq bizi məlumatlandırmışdılar. Müharibə başlayanda təbii ki, həyacan var idi. Sonradan öyrəşdik. Hər kəs öz işi ilə məşğul oldu.
– Ömrünüzün sonuna kimi unuda bilmədiyiniz hansı döyüş səhnəsi var?
– Səfərbərliklə çağırılan əsgər yoldaşım yaralanmışdı. Onu itirmək təhlükəsi ilə üzləşmişdik. Bu mənim üçün çox ağır məqam idi.
– Döyüşlərdə düşmənə zərbələr vurduğunuz top sizə həm də uğur qazandırdı.
– Bəli, həmin top hələ də yerindədir. Vaxt olanda onunla şəkil çəkdirirəm.
Şahanə Rəhimli
Azvision.az