Müdafiə Nazirliyi: Azad edilmiş ərazilərimizdə yerləşdirilən qoşunların təminatı fasiləsiz həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində “Dəmir yumruq” əməliyyatı həyata keçirərək işğal altındakı torpaqlarımızı qısa müddətdə düşməndən azad etdi. Ali Baş Komandanın dəmir iradəsi, sarsılmaz qətiyyəti, xalqımızın birliyi və şanlı Ordumuzun şəxsi heyətinin şücaəti nəticəsində 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə başa çatdı.

AZƏRTAC xəbər verir ki, Müdafiə Nazirliyinin “Facebook”dakı rəsmi səhifəsində yerləşdirilən məlumatda hazırda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə işğal altında olan, tam dağıdılmış, viran edilmiş, heç bir infrastrukturun olmadığı və minalanmış ərazilərdə, yeni yerlərdə dislokasiya edildiyi bildirilir. Qeyd olunub ki, digər dövlət qurumları ilə yanaşı, Müdafiə Nazirliyinin rəhbərliyi də bu ərazilərdə yerləşdirilən hərbi hissələrin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində planlı və məqsədyönlü fəaliyyət göstərir.

Onu da nəzərə almaq lazımdır ki, bu işlər yüksək dağlıq, çətin keçilən yüksəkliklərdə sərt qış iqlimi şəraitində, eyni zamanda, çöl-meşə coğrafi relyefinə uyğun ərazidə icra olunur. Hərbi hissələrə, mövqe və postlara yeni yollar çəkilir, elektrik, su və qaz xətləri quraşdırılır, şəxsi heyətin yaşayışı və xidməti üçün zəruri məişət şəraiti yaradılır.

Müdafiə nazirinin əmri ilə nazirliyin müvafiq qurumlarının vəzifəli şəxsləri mütəmadi qaydada şəxsi heyətin yanında olur və şəraitə uyğun tələbatlar öyrənilir. Hərbi qulluqçular ərzaq və əşya təminatı normalarına uyğun bütün təminat növləri ilə fasiləsiz təmin olunur. Çöl şəraitində yerləşən bölmələrə əlavə çadırlar, sobalar və digər zəruri avadanlıq çatdırılır.

Müxtəlif istiqamətlərdə səyyar mobil hamam-camaşırxana xidmətləri təşkil olunur, hərbi qulluqçular isti geyim formaları, yataq dəstləri, keyfiyyətli ərzaqla təmin edilir. Dağlıq ərazidəki hərbi hissələrin şəxsi heyəti normalara uyğun olaraq yüksək kalorili əlavə ərzaq payı ilə təmin olunur. Bununla yanaşı, anbarlarda kifayət qədər ehtiyat da mövcuddur.

Azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xeyli sayda ərzaq məhsullarının çatdırılması bu gün də təmin edilir. Müharibə dövründə olduğu kimi, bu təşəbbüsə qoşulan xalqımız, müxtəlif təşkilatlar, şirkətlər, ayrı-ayrı şəxslər tərəfindən Ordumuza hərtərəfli yardım edir. Əsgərlərimizə ərzaq payı normalarına daxil olmayan qida məhsulları, şirniyyatlar, fərdi gigiyena vasitələri və digər ləvazimatlar çatdırılır. Birinci vitse-prezident başda olmaqla Azərbaycan Ordusuna dəstək olan hamıya Müdafiə Nazirliyinin rəhbərliyi bir daha dərin təşəkkürünü bildirir.

Eyni zamanda, hərbi qulluqçuların sağlamlığını diqqətdə saxlamaq məqsədilə hərbi tibbi personal gücləndirilmiş iş rejimində fasiləsiz xidmət göstərir. Azad olunmuş ərazilərimizdə stasionar hərbi tibbi məntəqələr yaradılana qədər tapşırığa əsasən bir neçə istiqamətdə mobil səhra hospitalları fəaliyyət göstərir.

Qeyd edək ki, müdafiə nazirinin əmri ilə qısa müddətdə mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib. Kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkarlanmayıb. Bununla belə bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkarlanan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb. Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb.

Bununla belə, son günlər sosial şəbəkələrdə Azərbaycan Ordusunun nüfuzuna xələl gətirən və Vətən müharibəsində əldə etdiyimiz Zəfərə kölgə salan videokadrlar yayılır və onlara məqsədyönlü şəkildə müxtəlif qərəzli şərhlər yazılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq tələbləri pozularaq Ordumuz barəsində məlumatlar yayılır, qeyri-obyektiv xəbərlərlə isə hərbi qulluqçularımızın nüfuzuna xələl gətirilir.

Bəzi sosial şəbəkə istifadəçiləri hətta hərbi qulluqçuların siqaret ilə təmin olunmaması ilə əlaqədar narazılıqları əks etdirən videolar da paylaşırlar. Bildiririk ki, Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti üçün ərzaq payı normaları haqqında Nazirlər Kabinetinin müvafiq qərarında hərbi qulluqçuların tütün məmulatları ilə təmin edilməsi nəzərdə tutulmayıb. Bununla belə dövlət tərəfindən olunan humanitar yardımlar arasında müxtəlif növ siqaretlər də vardır ki, bunlar da tütün məmulatından istifadə edən hər bir hərbi qulluqçuya fərdi qaydada çatdırılır.

Müdafiə Nazirliyi hərbi qulluqçuların valideynləri və yaxınlarına müraciət edərək bir daha bildirir ki, onları narahat edən məsələlərlə bağlı müraciətlərini sosial şəbəkələr vasitəsilə deyil, daha operativ həll olunması üçün nazirliyin sutka ərzində fasiləsiz fəaliyyət göstərən (012) 912, (012) 538-61-31, (012) 404-76-34 telefon nömrələri vasitəsilə bildirsinlər.

huner.info

About Author

Comments are closed.